Bu günkü müsahibimiz Bəhruz Baxşəliyev (İtaliya).

Gənclərimizi  təhsilə, biliyə həvəsləndirmək üçün xaricdə təhsil alan və çalışan həmvətənlərimizi  onlarla virtual olsada  görüşdürmək arzusu ilə bu sualları cavablamağınızı sizdən xahiş edirəm.

 

  • Salam Bəhruz bəy zəhmət olmasa özünüzü təqdim edin.  Xaricdə təhsil alırsınız yoxsa işləyirsiniz?

Salam.  Mən, Bəhruz Baxşəliyev, 27 yaşım var. Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində almışam. Hərbi xidmətimi də başa vurduqdan sonra ölkənin aparıcı banklarının birində işləməyə başlamışam. 3 ildən artıq iş təcrübəm var. Hal-hazırda İtaliyanın Bolonya Universitetində (Rimini şəhəri) magistr təhsili alıram.

İtaliyada Təhsil, Boloniya,magistr təhsili

  • İtaliyaya  necə getmisiniz?

Bura gəlmək o qədər də asan olmadı. Ailəli biri üçün işindən ayrılıb təhsillə bağlı 2 il müddətinə ölkəni tərk etməsi bəlkə də ağıla gəlməyən bir variant ola bilər. Ancaq gələcəkdə daha uğurlu nəticələr əldə etmək üçün mütləq şəkildə çətinliklərə qatlaşmaq lazımdır. İtaliyada təqaüdlə təhsil olduğunu eşitmişdim. Dostlarımın köməyi və dəstəyi ilə universitetə qəbul oldum, təqaüd üçün bütün lazım olan prosedurları yerinə yetirdim və burada oxumağa başladım.

  • Azərbaycanla  fərq  necədir?

İstər insanların davranışları, istər ölkənin sosial-iqtisadi vəziyyəti baxımından bizdən çox irəlidədirlər. İlk gələndə uyğunlaşmaq təbii ki, çətin oldu. Tam başqa bir mühitə düşmək hər şeyi olduğu kimi qəbul etmək asan olmur. İtalyanlar özləri ölkənin hal-hazırki durumundan o qədər də razı olmasalar da, mənim düşüncəmə görə həyat səviyyəsi yaxşıdır. Gündəlik tələbat mallarını Avropa standartları səviyyəsində normal qiymətə əldə etmək olur ki, bu da yaşayış səviyyəsinin əsas göstəricilərindən biridir. Gəlirlərinin artıq qalan hissəsini isə əyləncəyə və gəzməyə sərf edirlər. Və ən əsası, bizdən fərqli olaraq Avropa insanı lüks həyatı son model maşın sürməkdə, bahalı paltar geyinməkdə və ya əzəmətli villalarda yaşamaqda görmür. Məsələn, hər hansı bir bankda yüksək vəzifədə işləyən biri işə velosipedlə gedib gələ bilir və bu hal cəmiyyətdə ümumiyyətlə müzakirə mövzusu deyil. 

təqaüd təhsil, magistr təqaüdü

  • Təhsil aldığınız ölkədə Azərbaycanlılara qarşı münasibət necədir?

İtaliyada olduğum müddətdə cəmi 2-3 fərqli şəhərdə olmuşam. Ən çox Azərbaycanlılar təbii ki, paytaxt Romadadır. Hal-hazırda mənim yaşadığım şəhərdə təxminən 10 nəfər Azərbaycanlı var və onların hamısı tələbədir.  Və düşünürəm ki, məhz yaşadığım şəhərdə Azərbaycanlılara qarşı münasibət bizim qoyacağımız təməldən asılıdır. Universitetdə digər ölkələrdən olan tələbələrin isə bizə qarşı münasibəti normaldır.

  • Getdiyiniz zaman sənədləşdirmə işlərində hansı çətinliklərlə qarşılaşdınız?

İtaliya Avropa ölkəsi olsa da, dövlət orqanlarında müəyyən qədər səriştəsizlik görmək mümkündür. İtaliya qanunlarına görə ölkəyə təhsillə bağlı gəlsən belə, Avropa birliyindən olmayan vətəndaşlara bütün təhsil müddətinə uyğun viza verilmir. Buna görə də ölkəyə daxil olduqdan sonra mütləq şəkildə yaşayış icazəsinə müraciət etməlisən. Birmənalı olaraq bura gələn tələbələrin qarşılaşdığı əsas problem məhz həmin yaşayış icazəsini almaqdır. Çünki, ilk müracət edərkən əksər hallarda həmin icazəni 6 ay (hətta bəzən 4 ay) müddətə verirlər ki, bunun da vaxtı bitdikdə müddəti uzatmaq üçün müəyyən xərc  və əziyyət çəkmək məcburiyyətində qalırsan.

  • Nələri öyrənə bildiniz?

Əvvəla vətəndən, sevdiklərindən kənarda yaşamağın nə qədər çətin olduğunu və bu çətinliyə qatlaşmağı öyrəndim. Və müxtəlif ölkələrdən olan fərqli mədəniyyətə sahib insanlarla dil tapmağı öyrəndim. Çünki, onlarda adi görünən hər hansı bir şey bizim cəmiyyətdə olduqca fərqli reaksiyaya səbəb ola bilir. Məhz bu məsələlərdə tolerant davranmaq çox önəmlidir.

Bolonya Universiteti, Rimini,İtaliya

Bəhruz Baxşəliyev

  • Yaşadığınız yer sizdə hansı təəssüratları yaradır?

Qeyd etdiyim kimi İtaliyanın cəmi 2-3 şəhərində olmuşam. Paytaxt Romanın mərkəzi olduqca gözəl olsa da düşünürəm ki, Rimini daha gözəl şəhərdir. Havası çox təmizdir. İstər dəniz kənarı olmasına görə, istər təmizliyi və gözəlliyinə görə şəhərdə daim turistlər olur. Şəhər çox böyük olmasa da maraqlı şəhərdir.

  • Azərbaycan gənclərində hansı xüsusiyyətləri görmək istərdiniz?

Çox acınacaqlı olsa da, hal-hazırda ölkədən kənara təhsil almağa gedənlərin bir çoxu məhz ölkəni tərk etmək üçün gedirlər. Bu isə gələcəkdə hər hansı bir hədəfə yönəlmək, uğurlu karyera qurmaq baxımından səhv addımdır. Ölkənin indiki iqtisadi durumunu nəzərə alsaq, iş tapmayan bir gəncin ölkədən çıxmaq istəməsi normal haldır və şübhəsiz ki, başqa bir ölkədə yaşamaq və ya təhsil almaq xüsusi bir üstünlükdür. Ancaq həmin üstünlükdən lazımınca istifadə etməmək uğursuzluğa gətirib çıxarır. İstərdim ki, gənclərimiz nəyəsə qərar verərkən öz potensialı çərçivəsində düşünüb məntiqli qərarlar versinlər.

  • Təhsil aldığınız ölkədə və universitetdə Azərbaycan universitetlərindən fərqli nələr var?

Bolonya Universiteti Avropanın ən qədim universitetlərindən sayılır. Dünyanın əksər tanınmış ali təhsil mərkəzləri ilə möhkəm əlaqələrə malikdir və qarşılıqlı təcrübə paylaşımı universiteti daha da güclü edir. İstərdim ki, bizim təhsil müəssisələri də belə əməkdaşlıqlardan faydalansın.

  • Universitetə qəbul olduğunuz zaman, ümumiyyətlə karyerada uğur əldə etmək üçün nələrə diqqət yetirmək lazımdır?

Həm öz iş təcrübəmə, həm də burda görüşdüyümüz bəzi böyük şirkət rəhbərlərinin fikirlərinə əsaslanıb deyə bilərəm ki, təhsil aldığınız ixtisas, təhsil dövründəki qiymətlər və s. işəgötürən şəxs üçün 2-ci dərəcəli amillər sayılır. Uğurlu karyera qurmaq üçün əsas amil müsbət mənada dəyişkən, yəni “düşdüyü mühitə uyğunlaşan insan” olmağı bacarmaq lazımdır. Buna görə də hal-hazırda bir çox böyük şirkətlər işə qəbulda psixoloji testlərə üstünlük verirlər. Bu amil hər hansı bir fərdin yaradılışdan olan bir xüsusiyyəti olsa da, zamanla insan özünü bu yöndə yetişdirə bilər.

  • Bəhruz bəy, müsahibəniz üçün sağolun.

Siz sağolun ki, bizləri unudmursunuz. 

Müsahibimiz  Bəhruz Baxşəliyev-in facebook səhifəsi.

Digər müsahibələri buradan oxuya bilərsiz.

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *